Xəzər Xəbər

Koronavirus və İtaliya

Dünya | 16:53 • 9 Mart 2020
Koronavirus və İtaliya

İtaliya dünyada koronovirusdan ən çox ölümün qeydə alındığı ikinci ölkədir. Vəziyyət kəskinləşməkdə davam edir. Hazırda ölkə üzrə 15 milyon adam karantinə alınıb. 133 ölüm faktının bir gündə alındığı İtaliyada bu rəqəm ümumilikdə 366-ya çatdı və statistikaya görə ölüm halının sayında Çindən sonra ikinci oldu.


Xəstələr haqqında məlumatlar da təsirlidir, belə ki, artıq xəstəxanalarda 6 min 387 nəfər xəstə var. Reanimasiyaya müraciət edənlərin sayı da artır, artıq onlar 650 nəfərdir. Cəmi 622 nəfər isə müalicə olunaraq evinə göndərilib, lakin onların da nəzarətdə saxlanılması davam edir.


Virusun əsas qurbanları turizmin ən pik yerləri olan Lombardiya və Veneto vilayətləridir. Lombardiyada 267 nəfər virusa qurban gedib. Venetoda isə artıq rəsmi olaraq 623 xəstə var və onlardan 18-i dünyasını dəyişib. Əsas yoluxma ərazilərində həkimlər daxil olan xəstələrin intensivliyini nəzərə alaraq artıq müalicədə bəzi seçimlər etməyə məcbur qaldıqlarını belə deyirlər. Onlar qeyd edirlər ki, daha çox uşaqları qorumağa çalışırlar. Habelə sağalmasına daha çox şans olan xəstələrə də birincilik tətbiq olunur.


İtaliya hökuməti xəstəliyin yayılmasının qarşısını almaq üçün tədbirlər görsə də, say çoxalmaqda davam edir. Mütəxəssislər qeyd edirlər ki, təkcə hökumət yox, vətəndaşlar da ciddi tədbirlər görməlidir. Mümkün qədər insanların çox toplandığı yerlərə çıxmamaq lazımdır. "İndi virusu dayandırmaq vacibdir. Biz infeksiya ehtimalını minimuma endirməyə çalışmalıyıq. Saylar əhəmiyyətlidir və buna görə qurbanlar versək də, bu tədbirlər labüddür. Vətəndaşlar bu problemi aradan qaldırmaq üçün bizə kömək etməlidirlər” - deyə İtaliyanın səhiyyə naziri Roberto Speranza açıqlama verib. O bildirib ki, ölkənin səhiyyə xidməti güclüdür, yeni avadanlıqlar alınacaq.


İtaliya hökuməti ölkənin koronovirus yayılan şimal bölgəsindəki bütün ictimai-iaşə, xidmət və istirahət məkanlarının qapadılması barədə göstəriş verib. Bu qərar martın 8-də baş nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Şimaldakı kinoteatrlar, teatrlar, muzeylər, bar və restoranlar, məktəblər, əyləncə məkanları ən azı aprelədək bağlı olacaq. Habelə bütün idman yarışları təxirə salınıb, bəzi istisna hallarda oyunlar qapalı qapılar arxasında keçiriləcək.


Xaos adi həyat tərzinə və ölkədə yaşayan, işləyən xarici vətəndaşlara da təsir edir. Belə ki, bir çox ölkələrin hava yolları uçuşları azaltdığı və ya ümumiyyətlə, təxirə saldığı üçün vətəninə qayıtmaq istəyənlər də çətinlik yaşayır. Əksər hallarda geri qayıdan xaricilər ölkələrində 14 günlük karantinə alınır.

Bu böhranın çox təsir etdiyi sahələrdən biri də tələbin kəskin azalmasından sonra qiymətləri aşağı salmaq və uçuşları ləğv etmək məcburiyyətində qalan hava yollarıdır. Keçən il fevral və mart aylarındakı qiymətləri götürsək, hazırda bu rəqəmlərdə 30 faiz azalma müşahidə olunur. Tədqiqat üçün İtaliyanın ən böyük hava limanı və bütün marşrutlar üzrə işləyən 25 hava yolu şirkəti araşdırılıb. İtaliyanın "Alitalia” aviaşirkəti Milanın Malpenza aeroportundan olan bütün uçuşlarını dayandırıb. Son uçuş martın 9-da Nyu-Yorka olacaq və bununla da şirkət bu istiqamətdən uçmayacaq. Eyni addımı "Easyjet” şirkəti də atıb. O, Avropanın daxili təhlükəsizliyini təmin etmək üçün İtaliyanın şimal bölgələrinə uçuşları ən azı 3 aprelə qədər dayandırıb.


Romanın Termini və Tiburtina vağzallarında insan sayı kəskin azalıb. Bu hal Fiumiçini aeroportunda da müşahidə olunur. Bütün aeroport əməkdaşlarına məcbur maskalar taxdırılır və onlara sərnişinlərlə heç bir təmasda olmamaq tövsiyə olunub.


Ən böyük zərbə isə İtaliya iqtisadiyyatına dəyib.


İtaliyada yerli bələdiyyə seçkiləri də ən azından mayın 10-dək təxirə salınıb. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar