Xəzər Xəbər

Misir də öz vətəndaşlarını Çinin Uxan şəhərindən çıxarır

Dünya | 17:52 • 31 Yanvar 2020
Misir də öz vətəndaşlarını Çinin Uxan şəhərindən çıxarır

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin göstərişinə əsasən, bu ölkənin Mülki Aviasiya, Səhiyyə və Xarici İşlər nazirlikləri misirli vətəndaşların Çinin Uxan şəhərindən çıxarılmasını həyata keçirirlər.


Bu məlumatı Misirin Nazirlər Kabineti yayıb.


Misirin Baş Naziri Mustafa Madbuli ölkənin Mülki Aviasiya Nazirliyinə bu məqsədlə tibbi personal və avadanlıqlarla təchiz edilmiş xüsusi təyyarə ayrılması barədə göstəriş verib. Hökumət başçısının təlimatında qeyd olunub ki, koronavirusa yoluxmuş xəstələrin aşkar edildiyi təqdirdə onların 14 gün karantin şəraitində saxlanılması və müalicə edilməsi də təmin edilməlidir. Misirə gətiriləcək vətəndaşlar 24 saat həkim nəzarəti altında olacaqlar. Xəstəliyə tutulmama diaqnozu qoyulduqdan sonra onlar evə buraxılacaq.


Bundan başqa, "EgyptAir” şirkəti də Çinə uçuşları tamamilə dayandırır. Aviaşirkətin son uçuşu şənbə günü Çinin Hanzo şəhərindən həyata keçiriləcək. Misirin Mülki Aviasiya Nazirliyi aeroportlarda xüsusi sanitar maşınları da yerləşdirib.

Xəbər lenti