Almaniya kansleri Angela Merkel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər bu il yanvarın 19-da Berlində Liviya ilə bağlı konfransda razılaşdırılan məsələlərin həyata keçirilməsinin vacibliyinə toxunublar.
Rusiya Prezidenti BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq və ya təsdiqlənəcək təkliflərin Liviya tərəfləri ilə də müzakirə olunmasının önəmli olduğunu qeyd edib. Hər iki tərəf davamlı atəşkəs və siyasi dialoqun təmin edilməsi üçün dünya birliyinin səylərinin artırılmasının məqsədəuyğun hesab etdiklərini bildiriblər.
Angela Merkel və Vladimir Putin Ukrayna və Suriyadakı vəziyyəti, həmçinin Yaxın Şərqdəki sülh prosesini də müzakirə ediblər. Onlar ABŞ-ın Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həll planı ətrafında da fikir mübadiləsi aparıblar.