Xəzər Xəbər

Çin dünya iqtisadiyyatını sarsıdacaq: neft də düşəcək...

Dünya | 13:08 • 31 Yanvar 2020
Çin dünya iqtisadiyyatını sarsıdacaq:

Nəzərə alsaq ki Çin dünyanın ən böyük neft və neft məhsullarının istehlakçılardan biridir, bu baxımdan deyə bilərik ki, dünya bazarında neftin qiyməti kəskin şəkildə ucuzlaşacaq.

Bu sözləri iqtisadçı Rəşad Həsənov Çində qeydə alınmış koronavirus epidemiyasının dünya iqtisadiyyatına təsiri barədə Axar.az-a danışarkən deyib. O bildirib ki, koronavirusun Çin iqtisadiyyatına təsirləri dərin ola bilər:

"Çünki virusun qarşısının alınması effekt vermir və qurbanların sayı günü-gündən artmaqdadır. Belə olduğu təqdirdə qlobal iqtisadiyyatın iştirakçıları mümkün qədər çalışırlar ki, bu virusun təsirindən özlərini müdafiə etsinlər. Artıq bir çox ölkədə bu istiqamətdə addımlar atılmaqdadır. 2020-ci il üçün həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu olduqca bədbin proqnoz açıqlamışdı. Çində qeydə alınmış koronavirus bu ehtimalların doğruluğunu bir daha sübut etmiş olur. Qeyd edim ki, bu proses nə qədər uzanarsa, təsirləri də bir o qədər dərin olacaq”.

İqtisadçı Çinin dünya iqtisadiyyatı üçün önəmindən danışıb:

”Çin iqtisadiyyatı dünya iqtisadiyyatının təxminən 13 faizini əhatə edir və ixrac üzərində qurulmuş bir iqtisadiyyata malikdir. Əgər Çinin ixracı zəifləyərsə, bu o deməkdir ki, dünya iqtisadiyyatı kəskin şəkildə zəifləyə bilər. Artıq görünən odur ki, proses bu istiqamətdə sürətlə gedir. Çin dünyanın ən böyük neft və neft məhsulları üzrə istehlakçılarından biridir. Bu səbəbdən xüsusi ilə də neftin qiymətində ucuzlaşma müşahidə olunacaq. Son 6 sessiyada neftin qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma müşahidə olunmaqdadır. Hətta güman edilir ki, Çindəki vəziyyət 6 ay ərzində davam edərsə, neftin qiyməti 40 dollara qədər azala bilər. Bu enerji istehlakçısı olan ölkələr üçün heç də arzuolunan vəziyyət deyil. Neft ölkələrinin dünya bazarında alıcılıq gücünün zəifləməsi artıq ikinci bir istiqamətdən iqtisadi zərbə dalğasının yaranmasına gətirib çıxaracaq”.

İqtisadçı koronovirusun qəsdən yaradıldığı ilə bağlı iddialara da aydınlıq gətirib:

”Bəzi hallarda düşünülür ki, bu virus qəsdən yaradılıb. Mən bu cür kontroloji yanaşmalara inanmıram. Əslində Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatı üçün önəmlidir. Çünki ABŞ-ın Çinə il ərzində 200 milyard dollardan artıq ixracı var. Digər tərəfdən ABŞ-ın bir çox şirkəti Çində fəaliyyət göstərir. Bu baxımdan deyə bilərəm ki, hazırki vəziyyət hər iki ölkə iqtisadiyyatına ciddi təsir göstərə bilər”.

R.Həsənov Azərbaycana hər 100 manatlıq məhsulun 11 manatının Çindən gətirildiyini qeyd edib:

”Azərbaycan üçün hər 100 manatlıq məhsulun 11 manatı Çindən gətirilir. Bu, kifayət qədər ciddi rəqəmdir. Bu, eyni zamanda əhalinin alıcılıq qabiliyyətini göstərən mühüm amildir. Azərbaycan Çinə gün ərzində 750 milyon dollar məhsul ixrac edir. Bu Azərbaycan üçün kifayət qədər böyük rəqəmdir”, - deyə o bildirib.

Qeyd edək ki, Çini cənginə alan koronavirus təkcə Çində yox, Yaponiya, Cənubi Koreya, ABŞ, Tailanda, Almaniya, Avstraliya, Finlandiya, Fransada da müşahidə edilib.

Xəbər lenti