Bu gün dünya daha bir dövrün sonuna şahidlik edəcək.
Böyük Britaniya bu gecə Avropa İttifaqından çıxacaq.
2016-cı ilin iyun ayında keçirilən ümumxalq referendumunun nəticələrində Böyük Britaniya xalqının ittifaqdan ayrılma istəyi çıxdıqdan sonra (52%) başlanan "Breksit” ("Britain exit” - yəni "Britaniyanın çıxışı”) prosesi bununla başa çatmayacaq.
Həmin dövrdən etibarən vaxt Britaniyanın Aİ-dən necə, nə zaman və hansı şərtlər daxilində çıxacağının müzakirəsi ilə keçib. Gözlənilən gün isə gəlib çatıb. Cümə günü, gecə yarısından əvvəl Böyük Britaniya təxminən 50 il üzvlük və 3,5 il siyasi və iqtisadi qeyri-müəyyənlikdən sonra Avropa İttifaqını tərk edəcək. Bundan sonra Britaniya Avropa İttifaqı qurumlarında təmsil olunmayacaq. Avropa Parlamenti üzvləri olan britaniyalılar artıq iş yerləri və həmkarları ilə sağollaşıblar.
SONRA NƏ OLACAQ?
Çıxış rəsmi şəkildə baş tutsa da, proses sona çatmayacaq. Rəsmi London və Brüsselin önündə çətin bir yol var. Növbəti 11 ay ərzində 2021-ci ildən etibarən ticarət və digər sahələrdəki münasibətlərin necə davam edəcəyinə aydınlıq gətirilməsi lazımdır. Bəzi çevrələr sözügedən prosesin çox qısa olduğunu və yeni anlaşmazlıqların ortaya çıxa biləcəyini söyləyir.
Baş nazir Boris Conson ölkəsi ilə Avropa İttifaqı arasındakı hədəfləri gələn həftə mətbuata açıqlamağı planlaşdırır. O, çərşənbə günü milli suverenliyin problemsiz ticarətdən daha əhəmiyyətli olduğunu vurğulamışdı. Conson ölkəsini Aİ qaydalarına asılılıqdan tamamilə xilas etmək və münasibətlərin səviyyəsini böyük ölçüdə kiçiltmək istəyir. Bunun qarşılığında isə Aİ Komissiyası Britaniyadan ittifaqın standartlarına bağlı qalmasını tələb edir.
Komissiya Britaniya ilə müzakirə zolağını gələn həftə təqdim edəcək. Təklifin 27 ittifaq üzvü tərəfindən təsdiq edilməsi lazımdır. Fevral ayının sonunda isə tərəflər müzakirə masasına oturacaq.
ƏSLİNDƏ NƏ İSƏ DƏYİŞMƏYƏCƏK
Brüssel və London illərdir ki, müzakirə masasındakı çıxış razılaşmasını müzakirə edir. Həmin anlaşma ilin sonuna qədər keçid dövrünü proqnozlaşdırır. Dolayısı ilə, gündəlik həyatda hər şey olduğu kimi qalacaq. Məsələn, Britaniya hələlik ittifaqın daxili bazarı və Gömrük Birliyində qalacaq. Lakin ortada əlavə razılaşmanın olmaması gələcəkdə ticarətdə böyük problemlərin yaşanma təhlükəsini artırır.
Baş nazirin bundan əlavə də problemləri var. Məsələn, Uels və Şotlandiya, Şimali İrlandiyanın bəzi bölgələrində Britaniya hökumətinə qarşı qəzəb artır, müstəqillik fikri isə güclənir.
BRÜSSELDƏ AYRILIQ SANCISI
Avropa İttifaqı "Breksit” ilə birlikdə ən güclü ikinci iqtisadiyyatını və dördüncü ən böyük fayda verənini itirir. Bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan hərbi və nüvə sahibi bir qüvvə Aİ klubundan ayrılır.
publika.az