Son on illər ərzində iqlim fəlakətləri bütün dünyada insanların köç etməsinə səbəb olub və 20 milyon nəfər öz ev ev-eşiyini tək etmək məcburiyyətində qalıb.
Bu barədə Madriddə keçirilən BMT-nin İqlim konfransı çərçivəsində təqdim olunmuş Oxfam qeyri-hökumət təşkilatının hesabatında deyilir.
Oxfam xəbərdar edir ki, hazırda siklonlar, daşqınlar və yanğınlar nəticəsində məcburi köç edənlərin sayı münaqişələr nəticəsində ev-eşiyini tərk edənlərdən üç dəfə, zəlzələ və ya vulkan püskürmələri nəticəsində yaşayış yerlərini dəyişən sakinlərdən isə yeddi dəfə artıqdır.
Qeyri-hökumət təşkilatının 2008-2918-ci illər ərzində apardığı təhlillər nəticəsində təqdim etdiyi məlumata görə, İspaniya əhalisinin iqlim dəyişikliyi səbəbindən köç etməyə ən az məcbur olacağı ölkələr arasında Çexiya və Yunanıstandan sonra üçüncü yerdədir.
Oxfam öz hesabatında xüsusi olaraq qeyd edir ki, bu sahədə ən çox zərər görən də ən az karbon qazı tullantısı mənbəyi olan yoxsul ölkələrin vətəndaşlarıdır. Təşkilatın qənaətinə görə, iqlim böhranının dünyada təsiri qeyri-bərabərdir və ABŞ kimi varlı dövlətlərə nisbətən Hindistan, Nigeriya, Boliviya kimi əhalisi azgəlirli olan ölkələrdə böyük ehtimalla təbii fəlakətlər nəticəsində daha çox insan miqrasiyaya məcbur olacaq.
Hesabatda qeyd olunur ki, 2008-2018-ci illərdə Kuba, Dominikan Respublikası və Tuvalu sakinlərinin 5 faizi iqlim şəraiti ucbatından hər il köç etməyə məcbur olublar ki, bu da Madridin əhalisinin təxminən yarısına bərabərdir. O da diqqətə çatdırılır ki, həmin ölkələrdə atmosferə tullantıların həcmi yüksəkgəlirli dövlətlərdə olduğundan üç dəfə azdır.
Oxfam International təşkilatının icraçı direktoru Xose Mariya Vera bununla bağlı deyib ki, ən yoxsul ölkələrdə yaşayan ən kasıb insanlar iqlim fəlakətlərinə daha çox məruz qalırlar. Onun sözlərinə görə, hökumətlər Madrid sammitinə daha çox diqqət yetirməlidirlər. Onlar tullantıların həcminin azaldılması üzrə öhdəliklər götürməli, təbii fəlakətlərdən sonra yoxsul icmalara bərpa olunmaq üçün köməklik göstərilməsinin yeni mexanizmini yaratmalıdırlar. (AZƏRTAC)