Türkiyə Silahlı Qüvvələri və Rusiya hərbi polisi Suriyanın şimal-şərqindəki sərhədyanı rayonda 12-ci birgə patrul həyata keçirib.
Xezerxeber.az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, müştərək patrul Deyrun-Ağa yaşayış məntəqəsindəki keçid məntəqəsindən başlayıb və iki saat ərzində 50 kilometrlik marşrut üzrə aparılıb.
Patrul zamanı Rusiya aviasiyasına məxsus helikopterlər tərəfindən həmin rayona havadan nəzarət olunub. Yeni marşrut üzrə həyata keçirilən birgə patrul yaşayış məntəqələrindəki vəziyyəti təftiş edib. Patrul səkkiz hərbi texnika – Türkiyənin "Kirpi” zirehli avtomobilləri və Rusiyanın "Tiqr” və BTR-70 zirehli transportyorları, həmçinin hər iki tərəfdən 50-yə yaxın hərbçinin iştirakı ilə həyata keçirilib. Patrulu "Orlan-10” pilotsuz uçan aparatı müşayiət edib.
Qeyd edək ki, birgə patrul oktyabrın 22-də Ankara və Moskva arasında imzalanmış memorandum əsasında aparılır. Memorandumun şərtlərinə əsasən, həmçinin terrorçuların Suriya-Türkiyə sərhədini keçməsinin qarşısını almaq üçün tədbirlər görüləcək və qaçqınların geri qaytarılması təşkil olunacaq.