Xəzər Xəbər

ABŞ və İtaliya astronavtları açıq kosmosda mühüm cihazın təmirinin ilk mərhələsini başa çatdırıblar

Dünya | 16:08 • 16 Noyabr 2019
ABŞ və İtaliya astronavtları açıq kosmosda mühüm cihazın təmirinin ilk mərhələsini başa çatdırıblar

Hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) fəaliyyət göstərən ABŞ və İtaliya astronavtları Endryu Morqan və Luka Parmitano açıq kosmosda stansiyanın korpusunda olan və sıradan çıxmış mühüm elmi cihazın təmirinin ilk mərhələsini başa çatdırıblar. AZƏRTAC xəbər verir ki, bu proses ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) saytında canlı yayımlanıb.

Morqan və Parmitano təmirdən əvvəl "Quest” şlüzünün lyukunu bağlayıblar. Açıq kosmosda 6 saat 32 dəqiqə davam edən təmir işləri zamanı onlar meteorit əleyhinə cihazı müdafiə edən təbəqəni götürüblər və BKS-dən kənara atıblar. Sonra istiliyi qoruyan qapaq da çıxarılaraq spektrometrin soyuducu sisteminin səkkiz borusuna mane olan şaquli dayaq götürülüb. Astronavtlar o qədər sürətlə hərəkət ediblər ki, hətta noyabrın 22-də açıq kosmosa növbəti çıxış zamanı nəzərdə tutulan işlərin də bir hissəsini yerinə yetiriblər.

Bundan başqa, təmir prosesində maqnitli alfa-spektrometrin soyudulması sisteminin nasosları dəyişdirilib, lakin soyuducunun özünün başqası ilə əvəz olunması üçün daha dörd dəfə açıq kosmosa çıxmaq lazım gələcək.

Hyustonda yerləşən Kosmik Uçuşları İdarəetmə Mərkəzində keçirilən mətbuat konfransında maqnitli alfa-spektrometrinin istifadəsi üzrə tədqiqatların rəhbəri Ken Bollveq bildirib ki, cihazın təmiri unikal əməliyyatdır. Belə ki, onun sıradan çıxması zamanı orbitdə təmirinin aparılması əvvəllər nəzərdə tutulmurdu. Cihazın 10-18 il işləyəcəyi güman edilirdi, amma 3 ildən sonra onun nasaz olduğu müəyyən edilib. Təmir üçün lazım olan 25 aləti isə BKS-ə uçan üç yük gəmisi daşıyıb. Onların vasitəsilə polad lövhə və nazik boruları kəsmək mümkün olub.

Qeyd olunub ki, bu, artıq astronavtların BKS-dən açıq kosmosa 222-ci çıxışıdır.

Xəbər lenti

Çox oxunanlar