Xəzər Xəbər

Polşada təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Dünya | 11:22 • 16 Noyabr 2019
Polşada təhsil alan azərbaycanlı tələbələrlə görüş olub

Polşa Respublikasının Seleziya regionunun Donbrova Qorniça şəhərində yerləşən Biznes Akademiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.


Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a verilmiş məlumata əsasən cari ilin yeni tədris vaxtının başlanması ilə əlaqədar olaraq səfirlik tərəfindən Polşada yerləşən ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələrlə görüşlərin keçirilməsi nəzərdə tutulub. Həmin görüşlərdən biri Polşa Respublikasının Donbrova Qorniça şəhərində yerləşən Biznes Akademiyasında baş tutub. Səfirliyin müşaviri Mehriban Səmədova akademiyada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirib.


Görüşdə akademiyanın prorektoru Rafal Rebilas, Beynəlxalq münasibətlər kafedrasının rəhbəri Pavel Urqaş, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatorları Xəlil Həsənov, Rəsul Məmmədov və Lalə Zeynalova iştirak ediblər.


Görüş zamanı akademiyada təhsil alan azərbaycanlı tələbələrin təşkilatlanması təşviq edilib, ölkəmizin Polşada tanıdılması və Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə Polşa vətəndaşları ilə sıx dostluq əlaqələri yaratmaları tövsiyə edilib. Azərbaycanlı tələbələr tərəfindən təhsil aldıqları ali təhsil ocaqlarında ölkəmizlə bağlı tədbirlərin keçirilməsi və səfirliyin bu tədbirlərin təşkilində yardımçı olacağı diqqətə çatdırılıb. Eyni zamanda, tələbələrin təhsil prosesi və yaşam şəraiti ilə bağlı fikir mübadiləsi aparılıb və onlar mövcud problemlərini, onların həlli yolları ilə bağlı öz istək və təkliflərini akademiyanın rəhbərliyinə bildiriblər.


Biznes Akademiyasının prorektoru Rafal Rebilas, öz növbəsində, qaldırılan məsələlərlə bağlı akademiya tərəfindən tədbirlərin görüləcəyini və gələcəkdə Azərbaycan təhsil ocaqları ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Xəbər lenti