Xəzər Xəbər

Rusiya “OPEC plus” sazişi üzrə bu il 31,3 milyard dollar əlavə gəlir əldə edəcək

Dünya | 21:37 • 15 Noyabr 2019
Rusiya “OPEC plus” sazişi üzrə bu il 31,3 milyard dollar əlavə gəlir əldə edəcək

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və digər hasilatçı dövlətlərlə icra edilən istehsalın azaldılmasına dair saziş ("OPEC plus”) sayəsində cari ildə Rusiyanın büdcə gəlirləri 2 trilyon rubl (təxminən 31,3 milyard dollar) artacaq.


Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novakın "Energetiçeskaya politika” jurnalındakı məqaləsində deyilir.


A.Novak xatırladıb ki, 5 il əvvəl bir barrelinin qiyməti 127 dollar olan neft 27 dollaradək geriləmişdi. Bu, həm Rusiya, həm də rus şirkətləri üçün asan deyildi. Lakin qısa müddətdə bazarda tarazlığı yaradacaq lazımi addım atıldı. OPEC və OPEC üzvü olmayan ölkələr arasında hasilatın azaldılması haqqında saziş imzalandı.


"Sazişin imzalanmasından ötən müddətdə Rusiyanın büdcə gəlirləri 6 trilyon rubl (təxminən 94 milyard dollar) artıb. Bu il razılaşma sayəsində büdcə 2 trilyon rubl əlavə gəlir əldə edəcək. Lakin istehsalın azaldılması daimi deyil və Rusiyanın ehtiyacı olduğu zamanlarda istifadə ediləcək”, - deyə nazir bildirib.


O qeyd edib ki, Rusiyanın neft ixracının həcmi qarşıdakı 5 ildə illik 25 milyon ton artaraq 280 milyon tona çatacaq. Təbii qaz ixracının isə 2022-ci ilə qədər ildə 300 milyard kubmetrə çatacağı gözlənilir.

Xəbər lenti