Xəzər Xəbər

Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası qarşısındakı yolu bağlayıb - FOTO

Dünya | 20:08 • 15 Noyabr 2019
Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası qarşısındakı yolu bağlayıb -

Gürcüstan müxalifəti Tbilisidə parlamentin binası önündə etiraz aksiyasını noyabrın 15-də davam etdirib.


AZƏRTAC xəbər verir ki, aksiyada 1000 nəfərə yaxın insan iştirak edib.


Tbilisidəki mərkəzi Rustaveli prospekti bağlanıb, müxalifət nümayəndələri parlamentin binası qarşısında çadırlar qurublar. Bir qrup aksiya iştirakçısı dünən gecədən bu çadırlarda qalıb. Onlar aksiyanı bu gecə də çadırlarda davam edəcəklər.


Rustaveli prospektində avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Polis təhlükəsizlik tədbirlərini gücləndirib. Əraziyə təcili tibbi yardım maşınları cəlb olunub.


Qeyd edək ki, noyabrın 14-də Gürcüstan qanunverici orqanında 2020-ci ildə parlament seçkilərinin proporsional sistem üzrə keçirilməsini nəzərdə tutan qanun layihəsi qəbul olunmayıb. Hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyası bu il iyun ayının 20-də keçirilən etiraz aksiyaları zamanı növbəti seçkilərin proporsional sistemi üzrə keçiriləcəyini və bununla əlaqədar olaraq Konstitusiya qanununa dəyişikliklər olunacağını vəd etmişdi. Lakin noyabrın 14-də keçirilən səsvermə zamanı partiyanın bəzi üzvləri də daxil olmaqla bir qrup deputat qanunun əleyhinə səs verib və qanun qəbul olunmayib.


Aksiya iştirakçıları növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Müxalifət tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirmək niyyətindədir.

Xəbər lenti