Xəzər Xəbər

Çin Londonda Honkonqun ədliyyə katibinə hücumu pisləyib

Dünya | 15:27 • 15 Noyabr 2019
Çin Londonda Honkonqun ədliyyə katibinə hücumu pisləyib

Çin tərəfi Londonda bir qrup şəxsin Honkonq xüsusi inzibati bölgəsinin ədliyyə katibi Tereza Çenə hücumunu pisləyib.


Çin mərkəzi hökuməti və Honkonq xüsusi inzibati bölgəsinin hökuməti baş verən hadisə ilə bağlı narahatlıqlarını bildiriblər. Tereza Çen Londonda rəsmi səfərdə olarkən bir qrup şəxsin hücumuna məruz qalıb. Honkonq hökumətinin yaydığı bəyanatda ədliyyə katibinin ciddi bədən xəsarətləri aldığı bildirilir.


Çinin Londondakı səfirliyi etirazçıların hücumu nəticəsində Tereza Çenin yıxılaraq ciddi zədə aldığı barədə məlumat yayıb. "Bu insident Honkonqda zorakılıq aktları və qanunsuz əməlləri törədənlərin öz fəaliyyətlərini xaricdə də davam etdirdiklərini nümayiş etdirir”, -deyə səfirliyin bəyanatında vurğulanır.


Çin tərəfi Böyük Britaniyanın müvafiq hakimiyyət orqanlarına məsələ ilə bağlı rəsmi şikayətini bildirib.


Qeyd edək ki, cinayətkarların Çinin materik hissəsinə ekstradisiya olunmaları barədə qanun layihəsinin hakimiyyət tərəfindən qəbul edilməsi cəhdindən sonra iyundan bəri Honkonqda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar daha sonra iğtişaşlara çevrilərək, zaman-zaman küçələrin bağlanması, yanğınlar törədilməsi halları və vandalizm aktları ilə müşayiət olunub. Qanunsuz aksiyaların iştirakçıları dövlət və ictimai binaların şüşələrini sındırır, polis əməkdaşlarına və sakinlərə fiziki xəsarətlər yetirirlər. Son günlər daha da şiddətlənən zorakılıq aktları zamanı başından xəsarət alan kommunal xidmətin 70 yaşlı işçisi həyatını itirib. Sosial şəbəkələrdə yayılan videolarda görünür ki, maska taxmış aksiya iştirakçılarının atdığı kərpic həmin şəxsin başına dəyib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar