ABŞ-ın vitse-prezidenti Mayk Pens Birləşmiş Ştatların Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyindən (NASA) astronavtları Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq kosmik gəmi və raketlər istehsalı üzrə sifariş almış "Boeing” və "SpaceX” şirkətlərinə xəbərdarlıq edib və onlara kontraktın şərtlərinə əməl etmək üçün dörd ay vaxt verib.
AZƏRTAC Əl Cəzirə telekanalına istinadla xəbər verir ki, vitse-prezidentin bu bəyanatından sonra NASA-nın Baş Təftiş Ofisi (OIG) agentliyi bu məqsədlər üçün ayrılmış yüz milyonlarla dollar vəsaiti "Boeing” şirkətinin hesabına köçürməməkdə ittiham edib. Qeyd olunub ki, artıq iki ildir ABŞ astronavtları başqa ölkənin kosmik gəmisi vasitəsilə Beynəlxalq Kosmik Stansiyaya uçurlar.
Mayk Pens NASA-nın Kaliforniya ştatındakı mərkəzində çıxışında bildirib ki, ən gec 2020-ci ilin yazında ABŞ astronavtları Amerika kosmik gəmisində və Amerika torpağından kosmosa uçmalı və milli aparatlarla geri qayıtmalıdır. "Biz öz platformalarımızdan kosmosa uçmalı və onunla da geri qayırmalıyıq. Bundan sonra rusların kosmik vasitələrindən istifadə etməyə ehtiyacımız yoxdur”, -deyə vitse-prezident vurğulayıb.
NASA ABŞ-ın Nümayəndələr Palatasında da problemlərlə üzləşib. Belə ki, agentliyin 2020-ci il üçün 22,6 milyard dollarlıq büdcəsi də konqresmenlər arasında mübahisə mövzusuna çevrilib. Ağ evin kosmik layihələrə əlavə vəsait ayrılması barədə müraciəti də Konqres tərəfindən baxılmayıb. OIG aşkar edib ki, Kommersiya Ekipajı Proqramı çərçivəsində NASA "Boeing” şirkətinə əlavə 287,2 milyon dollar vəsait köçürülməsini öhdəsinə götürüb. Bu ödəniş Sietldə olan şirkətin kontraktın şərtlərini daha sürətlə yerinə yetirməsi üçün nəzərdə tutulub. Lakin maliyyə vəsaitinin ödənməməsi səbəbindən nəzərdə tutulan son müddət 13 ay yubadılıb və Ağ ev bundan narahat olub.
Bu qalmaqalı fonunda hər iki özəl şirkət (CST)-100 "Starliner” kosmik gəmisinin və "Crew Dragon” kommersiya aparatının sınaqlarını keçiriblər. 2010-cu ildə kosmosa uğursuz raket buraxılışından sonra NASA özəl şirkətlərlə yeni kontraktlar bağlayıb. Həmin vaxtdan indiyədək isə ABŞ-ın kosmik agentliyi Rusiyanın "Roskosmos” korporasiyasına astronavtların "Soyuz” raketləri ilə Beynəlxalq Kosmik Stansiyaya uçmaları üçün 85,4 milyon dollar vəsait ödəyib.