Xəzər Xəbər

İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib

Dünya | 09:20 • 18 Oktyabr 2019
İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib

İran MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasına daimi üzv seçilib.


Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilib. Şuraya assosiativ üzv olan İranı bu sessiyada İran Dövlət dəmir yolları idarəsinin baş direktoru Səid Rəsuli təmsil edib.


Şuranın işində tamhüquqlu üzvlərindən başqa, Gürcüstan, Latviya və Finlandiya kimi assosiativ üzv olan dövlətlərin də nümayəndələri iştirak ediblər. İlk dəfə olaraq, bu tədbirə Türkiyə və Monqolustanın da dəmir yolu idarələrinin rəhbərləri qatılıblar.


Qeyd edək ki, MDB dövlətləri ilə yanaşı, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu seqmentinin formalaşmasında adıçəkilən ölkələr də iştirak edirlər. Bu işdə Azərbaycan ilə İran xüsusi rola malikdirlər. Belə ki, Asiya ilə Avropanı birləşdirəcək 7200 kilometrlik dəmir yolu xətti İrandan başlayaraq Azərbaycan və Rusiya ərazisindən keçərək Finlandiyaya qədər uzanacaq. Asiyadan Avropaya daşınan yüklər İranın Bəndər Abbas və Sakin okean sahilindəki Çabahar limanlarına daxil olacaq. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə Rusiya ərazisindən keçməklə Helsinkiyə daşınacaq.


Xatırladaq ki, Rusiya ilə Azərbaycanın dəmir yolları hələ SSRİ dövründən bir-biri ilə əlaqələndirilib. İran isə bu sistemə Rəşt-Astara dəmir yolu vasitəsilə birləşəcək. Hazırda bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan və İran Astarasını birləşdirən dəmir yolu körpüsü isə hazırdır və istifadə edilir.


İranın bu Şuraya üzv olması işlərin sürətləndirilməsi və digər problemlərin həllini asanlaşdıracaq.


Şura 1992-ci ildə yaradılıb və mənzil-qərargahı Moskvadadır. (AZƏRTAC)

Xəbər lenti