Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın vitse-prezidenti Maykl Pensin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşlərin nəticəsi barədə mətbuat konfransı keçirib.
Xezerxeber.az xəbər verir ki, görüşün təfərrüatlarını bölüşən nazir deyib: "Suriyanın Fərat çayının şərqində həyata keçirilən "Sülh çeşməsi” antiterror əməliyyatı dayandırılmayıb, sadəcə prosesə müvəqqəti ara verilib”.
Nazir bildirib ki, 120 saat ərzində YPG Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik bölgəsindən tam çəkilməlidir. Yalnız bundan sonra "Sülh çeşməsi” antiterror əməliyyatı dayandırıla bilər. Bundan başqa, Türkiyəyə qarşı ABŞ-ın sanksiyaları dərhal aradan qaldıracaq. Bundan başqa, YPG əlindəki ağır silahlar toplanmalıdır. M.Çavuşoğlu diqqətə çatdırıb ki, təhlükəsizlik bölgəsi tam şəkildə terrorçulardan təmizlənməli, Suriyanın ərazi bütövlüyü qorunmalı, suriyalı qaçqınlar yurdlarına qayıtmalıdır.
Nazir Mövlud Çavuşoğlu Suriya böhranının həlli ilə bağlı Türkiyənin qətiyyətli mövqeyi, o cümlədən prosesin tənzimlənməsinə dair davam edən məsələlər ətrafında geniş məlumat verib.
Sonra nazir jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, türkiyə tərəfi birmənalı olaraq PKK terror təşkilatı ilə YPG-nin eyni məqsədli təşkilat olduqlarını bəyan edib.