Xəzər Xəbər

Kais Səid Tunisin yeni prezidenti seçilib

Dünya | 15:16 • 17 Oktyabr 2019
Kais Səid Tunisin yeni prezidenti seçilib

Tunisdə keçirilən prezident seçkilərində səslərin 72 faizdən çoxunu toplayan müstəqil namizəd Kais Səid ölkənin yeni dövlət başçısı seçilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə Tunisin Seçkilər üzrə Ali Müstəqil Komissiyası məlumat yayıb. "Seçicilərin 72,71 faiz səsini qazanan Kais Səid prezident seçkilərində qələbə qazanıb”, - deyə Tunisdə Mərkəzi Seçki Komissiyasının funksiyalarını icra edən qurumun nümayəndəsi mətbuat konfransında bildirib.


Ali dövlət postu uğrunda səsvermənin ilk turunda daha çox səs toplayan iki namizəd – Kais Səid və səsvermə astanasında həbsdən azad edilən "Tunisin ürəyi” partiyasının lideri media maqnatı Nabil Karui ikinci turda mübarizə aparırdı. Sonuncu korrupsiya və maliyyə fırıldaqçılığı ittihamı ilə avqustun 23-də həbs olunmuşdu.


Politoloqlar Kais Səidin uğurunu siyasi isteblişmentə aid olmaması ilə əlaqələndirirlər. O, özünün seçki kampaniyasının büdcədən maliyyələşməsindən imtina edib, seçki qərargahına isə cəmi 15 nəfəri daxil edib. Kais Səid kütləvi mitinqlər təşkil etməyib, təşviqatını kafelərdə və şəhər bazarlarında, həmçinin sosial şəbəkələrdə aparıb.


Kais Səid hakimiyyətin mərkəzsizləşdirilməsi, siyasi institutların liberallaşması və parlamentin təşkili qaydasının dəyişməsi tərəfdarıdır. O, eyni zamanda terrorçulara qarşı ölüm hökmünü, homoseksualların cinayət məsuliyyətinə cəlb olunmasını dəstəkləyir və miras məsələsində qadın və kişi bərabərliyinin əleyhinə çıxır.

Xəbər lenti