Rusiya Xarici İşlər Nazirliyi Severodvinskdə qatardan düşürülən amerikalı diplomatlarla bağlı məsələ ilə əlaqədar Vaşinqtona etiraz notası göndərəcək.
Bu barədə Rusiya xarici işlər nazirinin müvini, stats-katib Yevgeni İvanov bildirib.
"Nota bu gün mütləq göndəriləcək”, – deyə "RİA Novosti” nazir müavininin sözlərindən sitat gətirir.
Qeyd olunur ki, ABŞ diplomatik nümayəndəliyinin əməkdaşları diplomatik toxunulmazlıqdan istifadə edirlər. Hadisə ilə əlaqədar olaraq, bundan sonra hüquqi müstəvidə təhqiqat aparılacaq.
Oktyabrın 14-də Amerika səfirliyinin 3 əməkdaşı icazə verilməyən rejim ərazisinə daxil olmaları ilə əlaqədar Nyonoks-Severodvinsk qatarından düşürülüb.
ABŞ səfirliyindən verilən məlumata görə, diplomatlar səfər barədə Rusiya Müdafiə Nazirliyinə rəsmi xəbərdarlıq ediblər.
İnsidenti şərh edən Rusiya Xarici İşlər Nazirliyi diplomatların Arxangelskə səfər etməsi planları haqqında Müdafiə Nazirliyinə məlumat verdiyini, lakin son nəticədə onların "Nyonoks-Severodvinsk qatarında peyda olduğunu” bildirib.