Kürdüstan Fəhlə Partiyası (PKK) terror təşkilatının Almaniyada sığınacaq tapmış tərəfdarları dünən Şimali Reyn-Vestfaliya federal əyalətinin Herne şəhərindəki türk kafelərinin birində dava salıblar. Terror təşkilatının 350 tərəfdarı əllərində Abdulla Öcalanın portretlərini və Avropa İttifaqı zonasında fəaliyyəti qadağan edilmiş PKK-nın rəmzlərini tutaraq türk kafesinin yanında icazəsiz nümayiş keçiriblər. Onlar türk ailələrinin, o cümlədən uşaqların sakitcə nahar etdikləri vaxtda özlərinin "qoçaqlığını” göstərməyi qərara alıblar.
AZƏRTAC xəbər verir ki, faşistlik edən bu xuliqanlar kafeni darmadağın edib, pəncərələri və mebeli qırıb, uşaqlara hücum ediblər. Polis isə hücum edənlərə qarşı bir neçə cinayət işi qaldırıb, lakin bundan əvvəl baş vermiş belə hadisələrin təcrübəsi aşkar göstərir ki, polis öz "sevimliləri” barəsində heç bir konkret tədbir görməyəcək.
Dörd il bundan əvvəl Frankfurt-Mayn şəhərində bu cür icazəsiz nümayişlərin birində kürd ekstremistləri yoldan keçən bir türkə hücum edib onu döyərkən AZƏRTAC-ın xüsusi müxbiri bu hadisəni kamera ilə çəkmişdi. Fotoşəkillərdə sifətləri aydın görünən basqınçıların şəxsiyyətinin müəyyən olunmasına türk icmaları kömək etdilər. Material Frankfurt polisinə göndərildi, o isə gözdən pərdə asmaq üçün bir qədər fəallıq göstərdi, lakin sonda, gözlənildiyi kimi, hər şeyi sakitcə ört-basdır etdilər.