Avropa Ittifaqı bu ayın sonlarında Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması məsələsi ilə bağlı növbədənkənar sammit keçirilməsini istisna etmir.
Xezerxeber.az xəbər verir ki, Avropa İttifaqının hökumət və dövlət başçılarının oktyabrın 17-18-də Brüsseldə keçiriləcək sammitinin nəticələrinə əsasən, Britaniya və Aİ arasında danışıqlarda böyük irəliləyişə nail olunduğuna, lakin saziş barədə müzakirələrin davam etdirilməsinin vacibliyinə dair bəyanat verilə bilər.
Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən Brexit üzrə referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi.
Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılaşıb. Vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa verib.