Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun ölkəsinə lazımi dəstək vermədiyini deyib və alyansı Ankara və terror qrupları arasında seçməyi etməyə çağırıb.
Xezerxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, həmçinin baş verənləri bəlkə də Türkiyənin NATO-da yeganə müsəlman dövləti olması ilə izah edib.
"Biz NATO-nun üzvüyük və alyansın beşinci maddəsi var (Nizamnamənin beşinci maddəsinə əsasən, üzv ölkələrdən birinə hücum edilən zaman NATO-nun bütün ölkələri buna cavab verməlidir). Biz terror təşkilatının təhdidi qarşısındayıq. NATO-nun beşinci maddəsinə uyğun olaraq alyans bizimlə olmalıdır. Siz bizimləsiniz ya terrorçularla? Dəqiq cavab verimirlər”, - deyə Prezident jurnalistlərlə söhbətində bildirib.
Bundan başqa, Türkiyə prezidenti telefonla danışıqlar apardığı Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın Baş naziri Boris Consonun "ciddi dezinformasiya təzyiqi altında olduqlarını” qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında terrorçulara qarşı "Sülh çeşməsi” əməliyyatına başlayıb. Son məlumata görə, əməliyyatın beş günü ərzində 550 terrorçu zərərsizləşdirilib.