AZƏRTAC-ın xəbər verdiyi kimi, dünən Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” Proqramının işə salınmasının 10 illiyi münasibətilə ikigünlük bayram proqramı başlayıb. Proqrama "Şərq Tərəfdaşlığı”nın iştirakçısı olan dövlətlərin – Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın nümayəndə heyəti başçılarının Avropa İttifaqının liderləri, o cümlədən Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunkerlə rəsmi görüşləri və onların iştirakı ilə rəsmi nahar daxil idi.
Bu gün Avropa Komissiyasının sədri Jan-Klod Yunkerin hamiliyi ilə konfrans keçirilib. Konfransda "Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin xarici işlər nazirləri, vətəndaş cəmiyyətinin üzvləri, biznes-liderlər, 34 ölkədən jurnalistlər iştirak ediblər. Tədbirdə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və başqa siyasətçilər çıxış edərək, şərəfinə bayram təşkil edilən yubilyarın – "Şərq Tərəfdaşlığı” Proqramının əhatə etdiyi regionun inkişafında onun böyük rol oynadığını vurğulayıblar.
Bununla da konfrans işini başa çatdırıb.