Xəzər Xəbər

İspaniya öz freqatını ABŞ-ın başçılıq etdiyi donanmanın tərkibindən çıxarıb

Dünya | 17:54 • 14 May 2019
İspaniya öz freqatını ABŞ-ın başçılıq etdiyi donanmanın tərkibindən çıxarıb

ABŞ ilə İran arasında münasibətlərin kəskinləşməsi İspaniyanı birmənalı olmayan qərar qəbul etmək məcburiyyətində qoyub. İspaniyanın müdafiə naziri Marqarita Robles "Mendes Nunyes” freqatını "Avraam Linkoln” aviadaşıyıcısının başçılığı ilə Körfəzə istiqamət götürən qrupun tərkibindən müvəqqəti çıxarmaq göstərişi verib.


Nazir öz qərarını Avropa İttifaqının güc strukturları nümayəndələrinin görüşünün keçirildiyi və ABŞ-ın dövlət katibi Mayk Pompeonun gözlənilmədən səfər etdiyi Brüsseldə səsləndirib. M.Robles qərarına aydınlıq gətirərək bildirib ki, bu, yalnız müvəqqəti tədbirdir və nə qədər ki, ABŞ-ın aviadaşıyıcısı "bu zonada olacaq”, "Mendes Nunyes” qrupa qoşulmayacaq. O əlavə edib ki, "Avraam Linkoln” nəzərdə tutulan istiqamətə - dünya dəniz səyahətinə geri qayıdandan sonra gəmi yenidən donanmanın tərkibinə daxil olacaq.


İspaniya Müdafiə Nazirliyi bu qərarı belə şərh edib: "Freqatımız dünya dəniz səyahətində iştirak edir və hər hansı digər missiyada iştirak etməyəcək”.


Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini daha əvvəl bildirib ki, Avropa İran ilə nüvə sazişini dəstəkləməyə davam edir və bu müqavilənin icra olunması üçün hər cür səy göstərəcək. O deyib: "Bunu həm Vaşinqtonda, həm də İranda çox yaxşı bilirlər”. (AZƏRTAC)

Xəbər lenti