BMT-nin Baş katibi Antonio Quterreş Oklenddə maori qəbiləsindən və Sakit okean adalarından olan gənclərin nümayəndələrinə müraciətlə bildirib ki, gələcək "boz” iqtisadiyyat üçün deyil, "yaşıl” iqtisadiyyat üçün parlaq olacaq.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir ki, gənclərin nümayəndələrinin iştirak etdiyi tədbir Yeni Zelandiyanın iqlim dəyişmələri məsələləri üzrə naziri Ceyms Şou tərəfindən təşkil olunub.
Baş katibin sözlərinə görə, elm dünyası hesab edir ki, əsrin ortalarında bəşəriyyət "karbon neytrallığına” nail olmalıdır, yəni iqlim dəyişmələrinə gətirib çıxaran atmosfer çirklənmələrini sıfıra endirməlidir. O, bu məsələnin icrasında gənclərin xüsusi rolunu vurğulayıb. Baş katib deyib: "Mən əminəm ki, dünyanın hər yerindən olan gənc insanlar bu çağırışı öz hökumətlərinə çatdırmağı bacaracaqlar”.
BMT-nin Baş katibi Sakit okean ölkələri üzrə özünün turnesində Fici, Tuvalu və Vanuatuya səfər edəcək. Ada dövlətləri iqlim dəyişmələrinə qarşı mübarizədə ilk cərgələrdə yerləşir. Çünki Dünya okeanının səviyyəsinin qalxması onların mövcudluğuna təhlükə yarada bilər. "Biz bu ciddi tendensiyanı dayandırmalı və onu geriyə döndərməliyik”, - deyə Antonio Quterreş bildirib.
Baş katib "gəlir vergilərini atmosferi çirkləndirmə vergilərinə yönəltməyə, mədən yanacaqlarının hasilatına vəsait qoymamağa, həmçinin 2020-ci ilədək kömürlə işləyən yeni elektrik stansiyalarının tikintisini dayandırmağa çağırıb. "Biz vergini insanların gəlirinə deyil, atmosferin çirkləndirilməsinə sərf etməliyik”, - deyə BMT başçısı vurğulayıb.
"Vergiödəyicilərinin pulları qasırğanın daha da güclü olmasına, dünyanın quraqlıq və istidən əziyyət çəkməsinə, mərcanların rəngini itirməsinə, buzlaqların isə əriməsinə sərf olunmamalıdır”, - deyə Baş katib Yeni Zelandiyanın iqlim dəyişmələri məsələləri üzrə naziri Ceyms Şou ilə görüşdən sonra çıxış edərkən bildirib.
Quterreşin sözlərinə görə, yeni növ enerjiyə keçid cəmiyyətin bütün təbəqələrinin maraqları nəzərə alınmaqla təşkil olunmalıdır ki, heç kim özünü aldadılmış hiss etməsin. O deyib: "Biz iqlim dəyişmələri ilə mübarizədə cəmiyyətin dəstəyinə yalnız bu cür nail ola və problemi adlaya bilərik”.
Baş katib elə həmin gün gənclərə müraciətlə deyib: "Bütün dünya gənclərinin, vətəndaş cəmiyyətinin və özəl sektorun gələcəyin "yaşıl” iqtisadiyyat üçün parlaq olacağını başa düşməsi çox mühümdür. Sizin öz hökumətlərinizi tədbirlər görməyə inandırmağınız çox vacibdir, çünki biz bu məsələdə müqavimətlə qarşılaşırıq”. O, həmçinin skeptiklərin müqavimətinin qarşısını almaqdan ötrü iqlim məsələləri ilə bağlı konfransın keçirildiyi Polşanın Katovitse şəhərinə üç dəfə qayıtmasını xatırladıb.