ABŞ ticarət müharibəsini davam etdirmək istəsə, Çin qələbəyə qədər mübarizə aparacaq.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan səsləndirib.
"Əvvəlki təcrübə Çinin ticarət müharibəsi istəmədiyini, lakin ondan qorxmadığını göstərdi. Kim evimizin kandarında müharibə etmək istəsə, biz qələbəyədək mübarizə aparacağıq”, - deyə brifinqdə çıxış edən Qen Şuan ABŞ Prezidenti Donald Trampın Çindən idxal olunacaq məhsullara əlavə vergi tətbiq etməsi barədə təhdidini şərh edərkən bildirib.
ÇXR-in xarici siyasət idarəsinin rəsmi nümayəndəsi ABŞ-ın vəziyyəti obyektiv qiymətləndirəcəyinə və Çinin öz maraqlarını qorumaqda qətiyyətli olduğunu anlayacağına ümidini ifadə edib.
Xatırladaq ki, ticarət üzrə ABŞ-ÇXR danışıqlarının ötən həftə Vaşinqtonda keçirilən növbəti raundu Çin məhsullarına rüsumun növbəti dəfə artırılması fonunda nəticəsiz başa çatıb. Belə ki, Çindən idxal olunan 200 milyard dollar həcmində malların rüsumu 10 faizdən 25 faizə qaldırılıb. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp, həmçinin 300 milyard dollar həcmində qiymətləndirilən digər Çin mallarına rüsumun qaldırılması prosesinə başlamaq barədə göstəriş verib. Lakin hələlik bununla bağlı qərar qəbul olunmayıb.