Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, cari ilin iyun ayında II Avropa Oyunları keçiriləndən sonra onun ölkəsi Futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə hazır olacaq. AZƏRTAC xəbər verir ki, Prezident Lukaşenko bu sözləri şənbə günü Tələbə kəndində olarkən jurnalistlərlə söhbətində deyib.
Prezidentin fikrincə, "Belarus II Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək, iki ildən sonra isə daha böyük yarışları, məsələn Futbol üzrə Avropa çempionatını məmnuniyyətlə təşkil edəcək”.
O qeyd edib ki, bundan ötrü ölkədə böyük tutumlu Milli stadion və hovuz tikmək lazımdır. Onların tikilməsinə çinli tərəfdaşlar kömək edəcəklər. Belarus dövlətinin başçısının sözlərinə görə, bu obyektlər çox baha başa gəlir, çinli tərəfdaşlar isə özlərini əsil dost kimi apararaq bu obyektlərin ucaldılmasına başlayıblar. Prezident qeyd edib ki, belorusların kifayət qədər idman obyekti var, lakin su idman növləri üzrə dünya kuboku mərhələlərini və Avropa çempionatlarını keçirmək üçün lazımi səviyyəli arenalar yoxdur.
Prezident deyib: "Rusiyalılar qoçaqdırlar – Kazanda belə bir hovuz tikiblər. Çin bizim üçün öz hesabına bu tipli bir hovuz tikəcək. Bu, Çin xalqının Belarus xalqına hədiyyəsi olacaq. Biz bunu yaxın iki il ərzində edəcəyik, onda daha böyük iddiada ola bilərik”.
Bununla bərabər, Lukaşenkonun fikrincə, belə tədbirlərin keçirildiyi dövrdə insanların ovqatı və əhval-ruhiyyəsi ölkə üçün idman meydançalarının sayından daha çox əhəmiyyət kəsb edir. O xatırladıb ki, 2014-cü ildə Xokkey üzrə dünya çempionatı Belarusda, Minskdəki iki arenada keçirilmişdi. Dövlət başçısı vurğulayıb: "Bizim Olimpiada (Avropa Oyunları) çox ürəkaçan hadisə olmalıdır, gərək Belarusda bütün insanlar bu ovqatla yaşasınlar, bilsinlər ki, bu bayramı ölkəyə onlar gətiriblər, bunun üçün çox iş görüblər. Səmimiyyət bizim xalqın mentalitetinə uyğundur, biz Oyunlara tamaşa etmək üçün ölkəmizə gələcək hər kəsə bu xeyirxahlığı bəxş edəcəyik”.
Xatırladaq ki, II Avropa oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. İdmanın 15 növü üzrə 199 dəst mükafat uğrunda dünyanın 50 ölkəsindən dörd mindən çox atlet mübarizə aparacaq. Səkkiz idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.
Tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib.