Xəzər Xəbər

Donald Tusk Brexitin dayandırılması ehtimalını 20-30 faiz qiymətləndirib

Dünya | 14:52 • 11 May 2019
Donald Tusk Brexitin dayandırılması ehtimalını 20-30 faiz qiymətləndirib

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının qarşısının alınması üçün imkanlar hələ qalır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk "La Vanguardia” qəzetinə müsahibəsində deyib. "Fikrimcə, Brexit prosesinin dayandırılmasının mümkünlüyü 20-30 faizdir. Bu, elə də az deyil. Hələ təslim olmaq üçün səbəb görmürəm”, - deyə Avropa Şurasının rəhbəri bildirib.


Böyük Britaniya Avropa İttifaqını Brexit barədə yazılı müraciətin verildiyi vaxtdan iki il sonra – 2019-cu il martın 29-da tərk etməli idi. Lakin İcmalar Palatasının deputatları Baş nazir Tereza Meyin Avropa liderləri ilə danışıqların gedişində əldə etdiyi Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Bundan sonra Brüssel Londonun müraciəti əsasında prosesin həyata keçirilməsi vaxtını iki dəfə - aprelin 12-nə və mayın 22-nə qədər təxirə salıb. Birinci tarix Böyük Britaniyanın Avropa İttifaqını sazişsiz tərk etməsini nəzərdə tuturdu, ikinci isə, əksinə, Brexit üzrə sazişin İcmalar Palatasında qəbulundan sonra onun ratifikasiyası üzrə bütün formal prosedurların sona çatdırılması üçün əlavə vaxt verirdi.


Tereza Mey prosesi siyasi dalandan çıxara bilmədikdən sonra müddətin yenidən uzadılması üçün Avropa İttifaqına təkrar sorğu göndərib. Aİ-nin aprelin 11-də keçirilən təcili sammitinin nəticələrinə əsasən, Brexit prosesinin müddətinin oktyabrın 31-dək uzadılması barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024