Xəzər Xəbər

Ermənilər İrina Rodninanın adının məktəbdən götürülməsinə qərar veriblər

Dünya | 14:36 • 8 May 2019
Ermənilər İrina Rodninanın adının məktəbdən götürülməsinə qərar veriblər

Ermənistanın paytaxtı Yerevanın Ağsaqqallar Şurasının qərarı ilə Rusiyanın məşhur idmançısı, fiqurlu konkisürmə üzrə dəfələrlə Olimpiya çempionu olmuş, Dövlət Dumasının deputatı İrina Rodninanın adını daşıyan məktəb bundan sonra sadəcə fiqurlu konkisürmə və xokkey məktəbi adlanacaq.


AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Ermənistan paytaxtı meriyasının mətbuat katibi A.Karapetyan məlumat verib.


Ermənilərin rusiyalı Olimpiya çempionuna qəzəbinin səbəbi onun Dövlət Dumasının digər deputatları ilə birlikdə Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə Bakıda keçirilən ümumxalq yürüşündə iştirak etməsidir. İrina Rodninanın "Moskva-Bakı” portalında müsahibəsində erməniləri Xocalı soyqırımından ibrət dərsi götürməyə çağırması "əzabkeş xalqın” rəhbərlərində ciddi təşviş doğurmuşdu. Hətta Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Moskvada Rusiya Federasiya Şurasının plenar iclasındakı çıxışında bildirmişdi ki, Ermənistan-Rusiya parlamentlərarası komissiyasının üzvlərinin Bakıda keçirilən ümumxalq yürüşündə iştirakı ermənilərin "milli ləyaqətini” təhqir edib.


Hələ mart ayında ermənilərin bu ittihamlarına cavab verən İrina Rodnina deyib ki, əslində, söhbət onun adını daşıyan məktəbdən yox, Rusiyanın pulu ilə tikilmiş buz meydançasından gedir. O əlavə edib ki, Bakıda da uşaq idmanını inkişaf etdirmək üçün səylər göstərəcək. Olimpiya çempionu vurğulayıb: "Onların (ermənilərin-AZƏRTAC) özləri bilər, mən əlimdən gələni etmişəm. Gəmini necə adlandırsan, o, elə də üzəcək”.


İrina Rodninanın adını daşıyan məktəb 2015-ci ildə açılıb. Orada rusiyalı xokkey və fiqurlu konkisürmə ustaları məşqlər keçirlər.

Xəbər lenti