İran nüvə proqramının məhdudlaşdırılması haqqında 2015-ci ildə "altılıq” dövlətləri ilə apardığı danışıqlar nəticəsində imzaladığı sazişdən çıxmayacaq. Lakin bu sazişin bəzi müddəalarına əməl etməyəcək.
Bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskva səfəri zamanı deyib.
Nazir qeyd edib ki, İran könüllü olaraq danışıqlara başlayıb və nüvə tədqiqatlarını dayandırıb. Bununla yanaşı, İran tədqiqatları davam etdirmək hüququnu özündə saxlayıb. Heç bir qüvvə İrana nüvə tədqiqatlarını davam etdirməsini qadağan edə bilməz.
M.C.Zərif Avropa İttifaqının və dünya birliyinin ABŞ-ın təzyiqlərinə boyun əyməsindən və sazişi qoruyub saxlaya bilməməsindən təəssüf hissi keçirdiyini nəzərə çatdırıb.
İranın Xarici İşlər Nazirliyinin açıqlamasında isə deyilir ki, bu həftə sazişi imzalayan dövlətlərin -Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransanın İrandakı səfirləri nazirliyə dəvət olunacaq və onlara bildiriləcək ki, rəsmi Tehran sazişin bir sıra müddəalarına bundan sonra əməl etməyəcək. (AZƏRTAC)