Çinin ən əsas üç aviaşirkəti – "Air China”, "China Eastern Airlines” və "China Southern Airlines” mayın 13-də Pekinin yeni "Dasin” aeroportunda rəsmən sınaq uçuşlarını həyata keçirəcək. Bu aeroport dünyanın ən iri beynəlxalq hava limanı olacaq
Xezerxeber.az xəbər verir ki, Dasin rayonu administrasiyasının məlumatına əsasən, aviakompaniyalar bazar ertəsi günü "Boeing 747-8”, həmçinin "Airbus A359” və "Airbus A380” təyyarələrini sınaq üçün hava limanına göndərəcək.
Yeni aeroport Pekinin mərkəzindən 46 kilometr cənubda yerləşir. Onun fəaliyyətə başlaması ilə dünyanın ən yüklənmiş hava limanlarından biri sayılan "Şoudu” aeroportunun yükü azalacaq. İki hava limanı arasında məsafə təxminən 67 kilometrdir.
Dörd uçuş-eniş zolağına malik "Dasin” aeroportu ildə 620 min reys qəbul edə biləcək. 2025-ci ilə qədər onun illik 72 milyon sərnişinə xidmət göstərəcəyi və 2 milyon ton yük buraxacağı planlaşdırılır. Hava limanının sentyabrın 30-da fəaliyyətə başlayacağı gözlənilir.