Xəzər Xəbər

BMT terrorçuların hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər planı hazırlayıb

Dünya | 11:08 • 8 May 2019
BMT terrorçuların hərəkətini məhdudlaşdırmaq üçün tədbirlər planı hazırlayıb

BMT terrorçuların hərəkətini məhdudlaşdırmaq və onların başqa ölkələrə keçməsinin qarşısını almaq üçün tədbirlər planı hazırlayıb. İlk strateji proqramın müəllifləri təşkilatın Antiterror İdarəsi və onun tərəfdaşlarıdır.


AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, mayın 7-də təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında həmin strateji planın təqdimatı keçirilib. Planın detalları barədə Antiterror İdarəsinin rəhbəri, BMT baş katibinin müavini Vladimir Voronkov məlumat verib.


Tədbirdə çıxış edən BMT-nin baş katibi Antonio Quterreş son bir neçə ildə terrorçuların bir münaqişə zonasından digərinə kütləvi keçidinin qeydə alındığını bildirib. Onun sözlərinə görə, iki il ərzində Suriya və İraqda olan terrorçu qruplara dünyanın 110 ölkəsindən təqribən 40 min nəfər qoşulub. Terrorçuların əksəriyyəti Təhlükəsizlik Şurasının sanksiya siyahılarına daxil edilib və onların hərəkətinə beynəlxalq miqyasda qadağa qoyulub. Lakin bu şəxslər həmin qadağaları aşa biliblər.


A.Quterreş əlavə edib ki, Suriya və İraqda nəzarəti itirən İŞİD terror təşkilatı və digər silahlı qruplaşmaların üzvləri gizli regional şəbəkələri genişləndirməyə başlayıblar. Bir çox terrorçular isə öz vətənlərinə qayıtmaq, orada gizli şəbəkələrlə əlaqə yaratmaq və öz təhlükəsizliyini təmin etməyə can atırlar. Onların əksəriyyəti yaxşı təlim keçmiş və yeni dislokasiya yerlərində terror aktları təşkil etməyə qadir olan şəxslərdir. Bununla yanaşı, terrorçular onları saxta sənədlərlə təmin edən yerli kriminal ünsürlərlə sıx əlaqə qururlar.


Bütün bu proseslərin fonunda BMT-nin hazırladığı planda sərhəd-keçid məntəqələrində nəzarət və yoxlama tədbirlərinin gücləndirilməsi nəzərdə tutulur. Təhlükəsizlik Şurasının üzvləri aviaşirkətlərdən tələb ediblər ki, onlar sərnişinlər haqqında məlumatları uçuş vaxtından xeyli əvvəl müvafiq hakimiyyət orqanlarına təqdim etsinlər. Bundan başqa, BMT bütün ölkələrin aeroportlarında Avropa İttifaqının hava limanlarındakı texnologiyaların tətbiqini həyata keçirəcək. Bu texnologiyalar universal olmaqla yanaşı, ABŞ, Yaponiya və Rusiyanın aviasiya təhlükəsizliyi sistemi ilə yaxşı qarşılıqlı fəaliyyət göstərə bilir.


V.Voronkov bildirib ki, BMT 193 ölkədə bu tədbirləri həyata keçirəcək. Əsas diqqət isə terrorçuların əsas hərəkət vasitəsi olan hava nəqliyyatında təhlükəsizliyin təmin olunmasına yönəldiləcək. Onun sözlərinə görə, müasir texnologiyalar və əlaqələndirmə sistemi buna imkan verir.

Xəbər lenti

Çox oxunanlar