İran bu gündən etibarən nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının bəzi tələblərinin icrasını dayandırır.
Bu barədə İran Milli Ali Şurasının bəyanatında bildirilir.
Məlumata görə, İran hazırkı mərhələdə zənginləşdirilmiş uranın və ağır suyun saxlanılmasına dair tətbiq olunan məhdudiyyətlərin icrası ilə bağlı öhdəlik daşımır.
Bəyanatda Hərtərəfli Birgə Fəaliyyət Planını imzalayan ölkələrə sazişə əsasən bank və neft sahəsində üzərilərinə götürdükləri öhdəlikləri icra etmək üçün 60 gün vaxt verilir. Bəyanatda həmçinin vurğulanır ki, İranın istəkləri təmin olunacağı təqdirdə icrasını dayandırdığı öhdəliklərə əməl etməyə davam edəcək. Bəyanatda İranın bu günədək tərəflər arasında əldə olunmuş razılaşmaya əməl etdiyi, amma ABŞ-ın sazişi tərk etməsindən sonra digər ölkələrin öz öhdəliklərinin icrasını dayandırdığı bildirilir. (ONA)