ABŞ-ın Çikaqo Universiteti bizim eradan əvvəl V əsrdə mövcud olmuş Əhəmənilər dövlətinə aid gil barelyefi İrana qaytarmaq istəyir.
Bu sözləri İranın vitse-prezidenti, Milli İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Həsən Tayibian deyib. O bildirib ki, hazırda ABŞ-da İranın qədim tarixinə aid 1780 abidə var və onların qaytarılması istiqamətində iş aparılır. İranın hüquqşünasları bu abidələrin qaytarılması üçün bir sıra tədbirlər həyata keçiriblər.
Xatırladaq ki, 1935-ci ildə İranda tədqiqat aparmış ABŞ arxeoloqları 30 min tarixi eksponatı razılıq əsasında ölkədən çıxarıblar. İranın müvafiq qurumları ilə əldə edilən razılığa görə həmin eksponatlar üzərində aparılan ekspertizadan sonra ölkəyə qaytarılmalı idi. Lakin ABŞ universitetləri müxtəlif bəhanələrlə eksponatları qaytarmadılar. İslam inqilabından sonra isə İran-ABŞ münasibətləri gərginləşdi və eksponatların qaytarılması istiqamətində aparılan işlər unuduldu.
H.Tayibian qeyd edib ki, ABŞ-da İrana aid olan bütün tarixi eksponatlar yaxın gələcəkdə qaytarılaraq milli tarix muzeyinə veriləcək. (AZƏRTAC)