Xəzər Xəbər

Dünyada orta hesabla hər 5 uşaqdan biri dilənçilik həddində yaşayır

Dünya | 18:09 • 8 Fevral 2019
Dünyada orta hesabla hər 5 uşaqdan biri dilənçilik həddində yaşayır

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına görə, dünya maliyyə böhranından sonra bütün Yer kürəsində uşaqlar arasında yoxsulluq səviyyəsi bir neçə dəfə artıb. Bu göstəricinin azaldılması üçün uşaqların sosial müdafiəsi sahəsində mövcud sistemlərin əhəmiyyətli dərəcədə genişləndirilməsi tələb olunur. Hazırda bu sistemlər dünyadakı uşaqların cəmi 35 faizini əhatə edir, uşaqlara müavinət ödənilməsi üçün məcmu xərclər isə dünya üzrə ÜDM-in 1,1 faizindən çox deyil. Dünyada sosial müdafiə imkanlarından uşaqlar cəmi 35 faiz təşkil edir. Onların yarısı yoxsulluq, beşdə bir hissəsi isə dilənçi vəziyyətindədir.


AZƏRTAC "Kommersant” nəşrinə istinadla xəbər verir ki, bu məlumatlar BƏT-in və BMT Uşaq Fondunun (UNİCEF) birgə məruzəsində açıqlanır. Sənəddə uşaqların yoxsulluq göstəricisi alıcılıq qabiliyyəti pariteti əsasında (gündə 1,9 dollar) hesablanıb. BƏT-in hesablamalarına görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (nümayəndəli demokratiya və azad bazar iqtisadiyyatı prinsiplərini qəbul edən inkişaf etmiş ölkələrin beynəlxalq iqtisadi təşkilatı) üzvü olan 29 ölkədən 27-də uşaqlar arasında yoxsulluq göstəricisi 10 faizdən yuxarıdır. Bu göstərici yalnız Danimarka və Finlandiyada 5 faizi aşmır. Tədqiqatçıların sözlərinə görə, 2008-ci ildən sonra Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Fransa, Yunanıstan, Macarıstan, Lüksemburq, Malta, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya və İsveçdə bu göstərici əhəmiyyətli dərəcədə artıb.


Nəticədə dünya üzrə orta hesabla hər beş uşaqdan biri ifrat yoxsulluq şəraitində (alıcılıq qabiliyyətinin pariteti üzrə gündə 1,9 dollardan az), uşaqların təqribən yarısı "mülayim” yoxsulluq şəraitində (gündə 3,1 dollardan az) yaşayır. İfrat yoxsulluq şəraitində yaşayan uşaqlar yaşlılarla müqayisədə belə hallarla orta hesabla iki dəfə çox üzləşirlər.


Dünyada bütün uşaqların üçdə bir hissəsindən bir qədər çoxu (35 faiz) sosial müavinətlərlə əhatə edilib. Lakin bu göstərici çox geniş intervalda (Avropada və Mərkəzi Asiyada 87 faizdən Afrikada 16 faizə qədər) dəyişir. ABŞ-da uşaqların 66 faizi, Asiyada isə cəmi 28 faizi müavinət alır.


Məruzədə təhlil edilən 108 ölkədən 72-də uşaqları sosial baxımdan dəstəkləmək üçün heç bir tədbir görülmür. Uşağa və ailəyə vaxtaşırı müavinətlər ödənilən 108 ölkədən 31-də (o cümlədən 22 Afrika ölkəsində) həmin müavinətlər qanunvericilik əsasında yalnız sosial sığorta şərtlərinə cavab verənlərə şamil edilir. Bu isə ən yoxsul ailələrin müavinətlərdən istifadə etmək imkanını məhdudlaşdıra bilər. 40 ölkədə uşaqlara sosial dəstək sxemləri əhalinin yalnız az bir qismini əhatə edir. Üstəlik, bu hissə heç də həmişə yardıma ən çox ehtiyacı olanlara aid deyil. Yalnız 23 ölkədə (əsasən Aİ üzvləri) ehtiyacı olan uşaqlı ailələrə universal müavinətlər verilir. Nəticədə hazırda dünya əhalisinin 26 faizini 14 yaşa qədər uşaqlar təşkil etdiyinə baxmayaraq dövlətlər bu uşaqların ehtiyacları üçün dünya üzrə ÜDM-in yalnız 1,1 faizi qədər pul xərcləyir.


Müavinətlər üçün minimal xərclər Şimali Afrikada (ÜDM-nin 0,1 faizi, uşaqların sayı əhalinin 32 faizi qədər), maksimal xərclər Sakit okean regionu ölkələrində (ÜDM-in 2,7 faizi, uşaqların sayı əhalinin 23,3 faizi qədər) qeydə alınıb. Avropada və Mərkəzi Asiyada bu xərclər ÜDM-in 2,2 faizini (uşaqların sayı əhalinin 17,2 faizi qədər), Şərqi Avropada ÜDM-in 1,1 faizini (uşaqların sayı əhalinin 16 faizi qədər) təşkil edir.

Xəbər lenti