Avropa məkanında ötən il qızılca epidemiyasına yoluxanların sayı üç dəfə artıb.
Bu barədə məlumatı mərkəzi qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosu yayıb. Təşkilata görə, ötən il xəstəliyə yoluxanların sayı son on ildə bu xəstəliyə yoluxanların ümumi sayına bərabər olub. Epidemiyanın ən aşağı həddə olduğu 2016-cı illə müqayisədə ötən il yoluxma hallarının sayı 15 dəfə artıb. 2018-ci ildə Avropa regionunda yerləşən 53 ölkə üzrə 82600 nəfərin qızılcaya yoluxması rəsmi qeydiyyata alınıb, 72 uşaq və böyük isə bu xəstəlik nəticəsində vəfat edib.
Büronun məlumatında qeyd edilir ki, Avropa məkanında epidemiyanın ən böyük zərbə vurduğu ölkə Ukraynadır (53 min hal). Sonrakı yerlərdə Serbiya (5076), İsrail (2919), Fransa (2913), Rusiya (2256), İtaliya (2517), Gürcüstan (2203) və Yunanıstan (2193) dayanır. Regional büronun rəhbəri Suzanna Yakab bildirib ki, ötən il qızılcaya qarşı peyvəndetmədə də rekord müəyyən edilsə də, bu, hələ də yetərli sayıla bilməz. Asanlıqla dəf edilə bilən epidemiyaya qarşı əhalidə maariflənmə işləri gücləndirilməli və onların peyvəndə qarşı tərəddüdləri aradan qaldırılmalıdır.
Qeyd edək ki, DST bu infeksiyanın bütün dünyada ləğv edilməsini prioritet istiqamətlərdən biri kimi elan edib. (AZƏRTAC)