Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu sahibkar İmaad Zubarinin 2017-ci ildə Donald Trampın inauqurasiyasına cavabdeh komitəyə etdiyi iri məbləğdə ianə ilə maraqlanır.
Xezerxeber.az CNN telekompaniyasına istinadən xəbər verir ki, görkəmli investor Zubari Vaşinqtondakı siyasi dairələrdə xüsusi çəkiyə malik olduğu üçün xarici ölkə hökumətlərinin konsultasiyası ilə məşğul olur. Sahibkar bu işlərin Tramp komandasına təhvil verilməsi zamanı və sonra prezidentin sabiq hüquqşünası Maykl Koenlə görüşüb, Nyu-Yorkdakı "Trump Tower” göydələnində dövlət başçısının milli təhlükəsizlik üzrə sabiq köməkçisi Maykl Flinnlə şelfi çəkdirib və Trampın özü ilə iki dəfə əlaqə yaradıb.
Lakin prokurorluğu Zubarinin Ağ evin hazırkı rəhbərinin yaxın dairəsinə daxil olması ilə nəticələnən epizod daha çox maraqlandırıb. 2016-cı ildə Donald Trampın qələbəsi ilə yekunlaşan seçkilərdən sonra biznesmen prezidentin inauqurasiya komitəsinə 900 min dollar ianə köçürüb. Bundan öncə isə Zubari Barak Obama və Hillari Klinton da daxil olmaqla Demokratlar partiyası siyasətçilərinin ən iri donoru idi.
NBC telekompaniyasının məlumatına əsasən, Nyu-Yorkun Cənub dairəsinin prokurorluğu Trampın inauqurasiyasına cavabdeh komitəyə həmin tədbirin xərcləri barədə sənədi təqdim etmələri üçün rəsmi sorğu göndərib. Prokurorlar, həmçinin inauqurasiyada iştirak edən qonaqlar barədə məlumatlarla da maraqlanır. Burada söhbət respublikaçı sponsorların Trampla şəxsi görüşlərindən gedir. Müstəntiqlər siyasi xarakterli müxtəlif xidmətlərin və imtiyazların əvəzinə sponsorların ianə köçürüb-köçürmədiklərini araşdırmağa çalışır.
Qeyd edək ki, Donald Trampın inauqurasiyasının keçirilməsinə vəsait toplamaqla məşğul olan komitə yığılan 107 milyon dolların 104 milyonunu tədbirə sərf edib. Bu, 2009-cu ildə Barak Obamanın ilk inauqurasiyasına xərclənən vəsaitdən iki dəfə çoxdur.