Türkmənistan Rusiya ilə yeni genişmiqyaslı qaz sazişləri imzalamaq niyyətindədir. Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla Aşqabadda keçirdiyi görüşdən sonra bildirib.
Nazirin sözlərinə görə, Türkmənistan Prezidenti görüşdə iki ölkə arasında aparılan dialoqda qaz problemi məsələlərinin yeni, genişmiqyaslı uzunmüddətli sazişlərin bağlanması hədəf götürülməklə nəzərdən keçirilməsindən məmnunluğunu ifadə edib.
S.Lavrovun sözlərinə görə, iki ölkənin neft-qaz sahəsində əməkdaşlıq məsələləri ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında müzakirə ediləcək. Hazırda onun keçirilmə vaxtı razılaşdırılır. (AZƏRTAC)