Rusiya baş
prokurorunun müavini, 1-ci dərəcəli dövlət ədliyyə müşaviri Saak
Karapetyanın "AS-350" helikopterinin qəzaya uğraması nəticəsində ölməsi
təsadüfi deyil. Ona qarşı sui-qəsd edilməsi ehtimalı çox böyükdür. Bu barədə Rusiyanın sabiq hərbi kəşfiyyatçısı Sergey
Skripalın qardaşı qızı Viktoriya Skripal "Milli Xəbər Xidməti”
agentliyinə açıqlamasında bildirib. Onun sözlərinə görə, "Skripalların
işi” ilə məşğul olan Karapetyanın ölümü Solsberidəki zəhərlənmə ilə
əlaqəlidir.
"Mən təsadüflərə inanmıram. Əvvəlcə biz avtomobil
qəzasına düşürük. Üstündən düz bir həftə keçir və indi də bu hadisə...
Belə şeylər də ola bilər”, – Viktoriya deyib.
Karapetyanın
fəaliyyətinə yaxından bələd olan mənbə "İnterfax”a bildirib ki, o,
2016-cı ildə baş prokurorun müavini təyin edildikdən sonra ən qalmaqallı
cinayət işlərinə, o cümlədən də, "Skripalların işi”nə birbaşa nəzarəti
həyata keçirib. Xüsusən də, Solsberidəki zəhərlənmə hadisəsilə bağlı
Böyük Britaniya hökuməti və xüsusi xidmət orqanlarına sorğular hazırlamaqla məşğul olub.
Qeyd
edək ki, Rusiya baş prokurorunun erməni əsilli müavini Saak Karapetyan
oktyabrın 3-ü axşam saatlarında Kostroma əyalətinin Vonşevo kəndində
"AS-350" helikopterinin yerə çırpılması nəticəsində ölüb. Onunla yanaşı,
helikopterdə olan daha 2 nəfər – kəndin erməni sakini Arek Aratyunyan
və pilot Mixnov da ölüblər. İnsidentlə bağlı cinayət işi açılıb. Məlum
olub ki, Karapetyanın olduğu "AS-350" helikopteri icazəsiz uçuş həyata
keçirib.
Onu da xatırladaq ki, martın 5-də Rusiyanın sabiq hərbi kəşfiyyatçısı olmuş, lakin daha sonra Britaniya xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan Sergey Skripal və qızı Britaniyanın
Solsberi şəhərində Noviçok kimyəvi maddəsindən zəhərlənərək beyin
iflici keçiriblər. Diplomatik qalmaqala səbəb olan hadisəni sui-qəsd
adlandıran London
baş verənlərdə Rusiyanın, konkret olaraq isə prezident Vladimir Putinin
əlinin olduğunu iddia edib. Kreml isə ittihamları rədd edib. Britaniya hadisə ilə əlaqədar 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Analoji cavab tədbirləri görən Moskva isə Sankt-Peterburqdakı Britaniya baş konsulluğunu bağlamaq və Rusiyada 20 ildən artıq fəaliyyət göstərən "Britaniya Şurası” ictimai təşkilatının işini dayandırmaq qərarına gəlib./azvision.az