Macarıstan hökuməti Ukrayna konsulunun ölkədən çıxarılması ilə bağlı qərar verib. Bu qərar Ukraynanın eyni addımına cavab olaraq verilib. Ukrayna konsulunun Macarıstandan çıxarılması barədə məlumatı ölkənin xarici işlər naziri Peter Siyarto verib.
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Macarıstanın bu qərarını adekvat addım olmadığını bəyan edib: "Ukraynanın Macarıstanın konsulunun ölkədən çıxarılması barədə qərarı Venesiya Konvensiyasına və digər beynəlxalq sənədlərin standartlarına cavab verir. Macarıstan dövlətinin qərarından isə təəssüflənirəm”.
Xatırladaq ki, bir müddət öncə Ukrayna KİV-lərində konsulun ukraynalılara Macarıstan pasportları verdiyinin əks olunduğu video yayılıb. Bundan sonra Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Bunun qarşılığında Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirmişdi. (AZƏRTAC)