İzmirin Çeşmə və Aydın vilayətinin Kuşadası rayonlarının ərazi sularında qanunsuz yolla Yunanıstan tərəfinə keçməyə çalışan 93 xarici vətəndaş saxlanılıb.
Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin gecə saatlarında apardığı iki əməliyyat zamanı rezin qayıqlarda qadın və uşaqların da olduğu müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, qanunsuz olaraq qayıqlarda yola çıxanlar Əfqanistan, Fələstin, Suriya və digər ölkələrin vətəndaşlarıdır. Hələlik saxlanılan şəxslərin Türkiyəyə necə gəldikləri, vizalarının olub-olmaması barədə məlumat yoxdur. Saxlanılan şəxslər Türkiyənin Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil veriliblər. (AZƏRTAC)