Xəzər Xəbər

Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərin problemlərini araşdırır

Dünya | 23:37 • 21 Sentyabr 2018
Gürcüstanın Təhsil Nazirliyi azərbaycanlı abituriyentlərin problemlərini araşdırır

Gürcüstanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyi bu ölkədə yaşayan azərbaycanlıların ali məktəblərə qəbulla bağlı problemlərini araşdırır. Yaxın vaxtlarda bununla bağlı qəbul imtahanlarında keçid balı toplayıb, lakin müəyyən səbəblərdən seçdikləri universitetlərə qəbul ola bilməyən abituriyentlərə yazılı məlumat veriləcək.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə nazir müavini İrina Abuladze məlumat verib.


İ.Abuladze deyib: "Gürcüstanın bölgələrindən olan şagirdlərin ali məktəblərə qəbul zamanı problemlərlə üzləşməmələri üçün aktiv işlər görülməlidir. Hazırda nazirlik bununla bağlı müxtəlif layihələr üzərində çalışır. Biz yerli idarəetmə orqanları ilə birgə çalışırıq ki, şagirdlərimiz təhsil prosesinə daha fəal və rahat qoşula bilsinlər”.


"Universitetlərə qəbul ola bilməyən həmin abituriyentlərin də məsələsi araşdırılır və nazirlik onların ali təhsil ala bilmələrinə kömək göstərməyə çalışır”, - deyə o vurğulayıb.


Qeyd edək ki, bu il Gürcüstanın ali məktəblərinə qəbul olmaq üçün iki minə yaxın şagird imtahan verib. Onlardan 482-si imtahanda dövlət tərəfindən müəyyən olunmuş keçid balını toplasa da müəyyən səbəblərdən tələbə adını qazana bilməyib.

Xəbər lenti