Xəzər Xəbər

Cənubi Koreya prezidentinin reytinqi yüksəlib

Dünya | 17:03 • 21 Sentyabr 2018
Cənubi Koreya prezidentinin reytinqi yüksəlib

Cənubi Koreya prezidenti Mun Ce-inin populyarlıq reytinqi KXDR-ə səfəri və Kim Çen Inla görüşündən sonra kəskin yüksəlib.


Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Gallup Korea” sosioloji agentliyinin məlumatına əsasən, Cənubi Koreya liderinin iqtisadi problemlər fonunda stabil azalan reytinqi bu həftə 11 faiz artaraq 61 faizə çatıb. Ekspertlərin fikrincə, bu göstərici koreyalararası sammitin uğurlu keçməsi ilə əlaqədardır.


Bir həftə öncə Mun Ce-inin reytinqi prezidentliyi dövründə ilk dəfə 50 faizdən aşağı düşmüşdü. Vətəndaşların əsas narazılığı iqtisadi durğunluq, işsizliyin artması və daşınmaz əmlakın qiymətləri ilə əlaqədar idi.


Xatırladaq ki, Cənubi Koreya prezidenti sentyabrın 18-dən 20-dək KXDR-də səfərdə olub və Şimali Koreya lideri Kim Çen Inla danışıqlar aparıb. Tərəflər sammitin nəticələrinə əsasən, Koreya yarımadasını nüvə silahından təmizləmək və müharibə təhlükəsini aradan qaldırmaq barədə birgə bəyanat imzalayıb. Toqquşmaların qarşısının alınması və təhlükəsizliyin təmin olunması barədə konkret addımlar hər iki Koreya dövlətinin müdafiə nazirlərinin imzaladığı sazişdə öz əksini tapıb.

Xəbər lenti

Çox oxunanlar