AFR Kansleri Angela Merkel ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bildirib ki, onların dialoqunun əsas mövzusu Suriyadakı vəziyyət olub.
Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət əsasən Rusiya Federasiyası ilə Türkiyə arasında Suriyanın İdlib əyalətində hərbisizləşdirilmiş zona yaradılması barədə razılaşmadan sonra oradakı vəziyyətdən gedib. AFR Kansleri münaqişənin genişlənməsinin qarşısını almağa və dinc əhalinin müdafiəsinə yönəlmiş səyləri alqışlayıb.
Müxalifət və Suriya hökumət qoşunlarının təmas xətti boyunca 15-20 kilometr enində bufer zonasını oktyabrın 15-dək yaratmaq planlaşdırılıb. Bu zonada türk bölmələri və Rusiya hərbi polisi keşik çəkəcəklər. Oktyabrın 10-dək bütün ağır silahlar və döyüşçülərin, o cümlədən "Cabhat an-Nusra” terrorçuları həmin zonadan çıxarılmalıdır.