Xəzər Xəbər

Cinayətkar qruplaşmalar arasında atışma olub, yaralılar var

Dünya | 13:46 • 20 Sentyabr 2018
Cinayətkar qruplaşmalar arasında atışma olub, yaralılar var

Sentyabrın 19-da gecə saatlarında Stokholm yaxınlığında naməlum cinayətkar qruplaşmalar arasında atışma olub. Nəticədə bir neçə nəfər yaralanıb.


AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, hadisə Stokholmun şəhərətrafı Baqarmossen rayonunda baş verib. Yerli sakinlər təcili xidmətlərə zəng vurub bildiriblər ki, onlar zərbə, atəş səsləri və insanların qışqırıqlarını eşidiblər. Bundan sonra saat 23.00 radələrində polis hadisə yerinə gəlib.


Asayiş keşikçiləri atışma yerində güllə yarası almış iki nəfəri aşkar ediblər. Sonra qəddarcasına döyülmüş bir nəfər tapılıb.


Polisin məlumatına görə, atışmada çox adam iştirak edib. Ehtimal ki, onlar Baqarmossen rayonunun məhəllələrindən keçərkən aralarında silahlı münaqişə yaranıb.


Polisin nümayəndəsi Mikael Pettersson jurnalistlərə deyib: "Görünür, bu hadisədə qarşılıqlı problemləri olan iki qrup iştirak edib”.


Hadisə ilə əlaqədar təhqiqat başlanıb, istintaq aparılır.


Qeyd edək ki, son illərdə İsveçdə ümumi kriminogen vəziyyət hədsiz pisləşib. Bununla əlaqədar, İsveç polisi dəfələrlə bəyan edib ki, cinayətkarlığa qarşı lazımınca mübarizə aparmaq üçün vəsait və xidməti heyət çatışmır.

Xəbər lenti