Xəzər Xəbər

Macarıstan Xorvatiyadan qaz alacaq

Dünya | 13:43 • 20 Sentyabr 2018
Macarıstan Xorvatiyadan qaz alacaq

Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyyartonun sözlərinə görə, əks istiqamətdə axın imkanına malik olan interkonnektor yaradılması sayəsində 2019-cu ilin sonundan etibarən Macarıstan Xorvatiyadan qaz almağa başlaya bilər.


Siyyarto bunu Dubrovnikdə Xorvatiyanın ətraf mühit və energetika naziri Tomislav Çoriç ilə görüşündən sonra bildirib.


Macar nazir qeyd edib ki, Xorvatiyanın şimal hissəsində, Kvarner körfəzində Dalmatin sahilinin yaxınlığında yerləşən Krk adasında tikiləcək maye təbii qaz terminalından vurulacaq qazın qiyməti haqqında danışıqlar başlanıb. Xorvatlar həmin terminalın 2020-ci ilin ikinci yarısında tikilməsini planlaşdırırlar.


Siyyarto deyib ki, Rusiyadan Macarıstana qaz nəqli barədə müqavilənin müddəti 2020-ci ilin sonunda başa çatacaq. Onda Macarıstan qazın tamamilə yeni mənbələrindən istifadə edə biləcək. Siyyarto deyib: "Bu cəhətdən Xorvatiya bizim strateji tərəfdaşımız ola bilər. Bu, həm iqtisadi mənada, həm də milli təhlükəsizlik baxımından Macarıstanın maraqlarına müvafiqdir, çünki iqtisadiyyatın və ev təsərrüfatlarının qaza tələbatı daha çox mənbələr hesabına təmin ediləcək”.


Macar nazir Xorvatiyaya Dubrovnikdə keçən xarici siyasətlər məsələləri üzrə illik beynəlxalq konfransda iştirak etmək üçün gəlib. (AZƏRTAC)

Xəbər lenti