Yaponiyanın hazırkı
baş naziri Şinzo Abe üçüncü dəfə hakim Liberal-Demokatik partiyasının
sədri seçilib. Bununla da o, 2021-ci ilədək hökumətin başçısı kimi öz
vəzifəsini qoruyub saxlamaqla, Yaponiya tarixində ən uzun müddət postda
qalan baş nazir olub. "The Guardian” xəbər verir ki, Liberal-Demokatik
partiyasında keçirilən daxili səsvermədə partiyanın 810 üzvü (405 nəfər
sıravi partiya üzvləri və parlamentin hər iki palatasında
Liberal-Demokatik partiyasından olan 405 deputat) iştirak edib. Onlardan
807-sinin bülleteni etibarlı sayılıb. Partiya üzvlərinin 807-dən 553-ü
Şinzo Abenin lehinə səs verərək yenidən onu növbəti 3 il müddətinə
Liberal-Demokatik partiyasının sədri seçiblər.
Abenin rəqibi –
tanınmış yapon siyasətçisi, müxtəlif dövrlərdə Yaponiyanın müdafiə,
kənd-təsərrüfatı və regionların inkişafı məsələləri naziri olmuş Siqeru
İsiba isə sədr seçilmək üçün lazım olan 404 səsi toplaya bilməyib və
cəmi 254 səslə 6 il əvvəl olduğu kimi, yenə də Abeyə məğlub olub.
Yaponiyada
parlament seçkilərində qalib gələn partiyanın sədri ölkənin baş naziri
olur. hakim Liberal-Demokatik partiyasının sədri isə 3 il müddətinə
seçilir. Növbəti partiya sədri seçkilərinin də parlament seçkiləri kimi
2021-ci ildə keçiriləcəyindən, Şinzo Abe həmin müddətək Yaponiyanın baş
naziri olaraq qalacaq. Bununla da o, ölkənin pasifik (mübahisələrin
həlli vasitəsi kimi müharibələrdən imtina) konstitusiyasına dəyişiklik
edərək, özünümüdafiə qüvvələri bazasında Yaponiya ordusunun
yaradılmasına hüquqi status verilməsi istiqamətində planlarını həyata
keçirməyə, Çin və Şimali Koreyadan gələn mümkün müharibə təhlükəsinə
qarşı hərbi hazırlıqların və müdafiə xərclərinin artırlımasına şans
qazanıb. Çünki İkinci Dünya Müharibəsindən məğlub çıxan Yaponiyanın ABŞ
tərəfindən tərtib olunan konstitusiyasının 9-cu maddəsinə görə, Tokio
müharibələrdən və beynəlxalq mübahisələrin həllində güc tətbiqindən
imtina edir. Ölkənin pasifik konstitusiyasına əsasən, Yaponiya daimi
milli ordu saxlaya bilməz və yalnız özünümüdafiə məqsədilə təhlükəsizlik
qüvvələrinə malikdir. /azvision.az