Xəzər Xəbər

İtaliya televiziyasında Azərbaycan ilə bağlı veriliş nümayiş etdirilib

Dünya | 10:32 • 15 Sentyabr 2018
İtaliya televiziyasında Azərbaycan ilə bağlı veriliş nümayiş etdirilib

İtaliyanın "Odeon TV” və "Canale 63” kanallarında "Yaxından baxış” (Visti da Vicino) proqramının sentyabrın 7-8-i buraxılışları tam olaraq Azərbaycana həsr edilib. Verilişdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə geniş müsahibə yer alıb.

Müsahibədə Azərbaycan diplomatı ölkəmizin müstəqillik illərində keçdiyi yol, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin inkişaf strategiyası, əldə olunmuş nailiyyətlər, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrindən bəhs edib. Həmçinin bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğunu deyib və onun bütün müsəlman Şərqinə gətirdiyi yeniliklərdən danışıb.

Son illər ərzində Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdıran səfir Məmməd Əhmədzadə Bakının "Ekspo 2025” sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü vurğulayıb, bu tədbirlərin Azərbaycanın turizm imkanlarının da dünyada təşviqi nöqteyi-nəzərdən əhəmiyyətindən bəhs edib.

Həmçinin səfir son illərdə Azərbaycanda idmanın inkişafından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri qələbələrdən, bu xüsusda "Qarabağ” futbol klubunun tarixi nailiyyətinin Azərbaycan futbolu və idmanı üçün əhəmiyyətindən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı klubun ağrılı taleyindən danışıb.

M.Əhmədzadə Azərbaycan və İtaliya arasında mövcud strateji tərəfdaşlığa da toxunub iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın cari gündəliyi və inkişaf perspektivlərindən söz açıb.

Diplomat İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə rəsmi səfərinin tarixi əhəmiyyətindən bəhs edib.

Müsahibə boyunca müasir Azərbaycanın inkişafı, turizm imkanları və İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri ilə əlaqədar videogörüntülər nümayiş etdirilib. (AZƏRTAC)

Verilişə aşağıdakı keçid vasitəsilə baxmaq mümkündür: 

https://www.youtube.com/watch?v=K2xyTMC_Xkw

Xəbər lenti

Çox oxunanlar