ABŞ prezidenti Donald Trampın administrasiyası avqustun 23-də Meksika ilə Şimali Amerika azad ticarət zonası haqqında razılaşma (NAFTA) üzrə prinsipial razılığın əldə edildiyini elan etmək niyyətindədir.
Bu haqda mənbələrə istinadən "Politico” qəzeti bildirib.
Nəşrin məlumatına görə, bu, Kanadanın müqavilənin yenilənməsi üzrə sonrakı konsultasiyalara qoşulması üçün yaşıl işıq yandıracaq. Danışıqlar hələlik ikitərəfli formatda Vaşinqtonda aparılır. ABŞ və Meksika arasında razılaşmanın mahiyyəti haqqında təfərrüatlar açıqlanmayıb.
Avqustun 16-da Tramp bildirib ki, danışıqlarda ABŞ-ın maraqlarına cavab verən sıçrayış olmasa, Vaşinqton Mexiko və Ottava ilə ticarət razılaşmasının yenilənməsinə getməyəcək.
Qeyd edək ki, Kanada, ABŞ və Meksika arasında Şimali Amerika azad ticarət zonası haqqında razılaşma 1992-ci ildə imzalanıb. Razılaşma 1994-cü ildə qüvvəyə minib. Trampın tələbi əsasında razılaşmanın yenilənməsi haqqında konsultasiyalar 2017-ci ildə başlayıb./publika.az