"Türkiyə ABŞ ilə
münasibətlərin gərginləşməməsi və problemlərin həlli üçün diplomatiya
yolunu seçdi. Problemlərin həlli ilə bağlı təkliflərimizi verdik. Amma
ABŞ təhdid yolunu seçdi”.Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.
XİN rəhbəri Vaşinqtonun "F-35" qırıcıları ilə bağlı sanksiya
hədələrindən söz açıb. Bildirib ki, hökumət "F-35" qırıcıları barədə 90
gün ərzində qərar verəcək, bu müddətdə isə növbəti qırıcılar Türkiyəyə
göndərilməyəcək.
"F-35 layihəsində biz ABŞ-la
ortağıq. Türkiyədə də istehsal edilir. "Mən istədim olmadı, Türkiyə
çıxsın” kimi təktərəfli imtina ola bilməz. Bu, ortaq layihədir və davam
edəcək. Problemlər bu gün var, sabah da ola bilər, lakin bunun həlli
üçün mübarizə aparılmalı, birlikdə addımlar atılmalıdır”, - deyə
Çavuşoğlu vurğulayıb.
Nazirin sözlərinə görə, ABŞ
məsələyə bu cür yanaşmaqla heç bir nəticəyə nail ola bilməyəcək:
"Gərginliyin azaldılması, həlli üçün görüşlər keçiririk, görüşdən dərhal
sonra Vaşinqtondan təhdid mesajları gəlir. Bir daha bəyan edirəm ki, bu
cür münasibətlə heç bir nəticə əldə edə bilməyəcəksiniz. Hər ölkənin
hüququ, qanunları və məhkəməsi var. Belə görünür ki, ABŞ Türkiyə ilə mövcud olan problemləri həll etmək istəmir”.