Xəzər Xəbər

Səs-küy salan iaşə obyektlərinin sahibləri cərimələndi FOTO

Cəmiyyət | 11:39 • 14 Aprel 2025
Səs-küy salan iaşə obyektlərinin sahibləri cərimələndi

Paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Xezerxeber.az-a verilən məlumata görə, bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir.

Xəbər lenti