“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Belə ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur.
Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşıma departamentinin icraçı direktoru Azər Fərəcov deyib.
Onun sözlərinə görə, şəhərətrafı istiqamət olan Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək.
“Bununla əlaqədar olaraq, Biləcəri stansiyasında 1 yeni turniket zalı və 1 yeni 550 millimetrlik platforma sərnişinlərin istifadəsinə verilib, Xırdalan stansiyasında isə istifadədə olan turniket zalı genişləndirilib və mövcud platforma 550 millimetrlik ölçüyə uyğunlaşdırılıb. Yeni hərəkət cədvəlinə əsasən, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və günorta saatlarında qatarlararası interval azaldılır. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib”, - deyə o bildirib.